Azərbaycan, Bakı, 6 aprel /Trend/
Cari ilin birinci rübünün yekunları üzrə Azərbaycanın fond bazarı üçün mühüm hadisələrdən biri ötən həftə Bakı Fond Birjasında 25 milyon dollar məbləğində "Unibank" ASC-nin təmin edilməmiş, faizli, adlı, sənədsiz, geriyə çağrıla bilən konversiya borcu istiqrazlarının yerləşdirilməsi olub. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birajasının çərşənbə günü yaydığı məlumatda deyilir.
"Korporativ istiqrazlar bazarının ikişafı Bakı Fond Birjasının 2010-2012 illər üzrə qəbul olunmuş Strateji Planında nəzərdə tutulmuş mühüm hədəflərdən biridir. Korporativ istiqrazlar ənənəvi borclanma alətlərinə nəzərən daha effektiv maliyyələşmə mənbəyi olmaqla bir çox qabaqcıl bazarlarda özünü doğruldub", - məlumatda qeyd olunub.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 min dollar olan 2500 qiymətli kağız buraxılıb. İstiqrazlar üzrə illik gəlirlilik 8% və həmin faiz müddəti üzrə banklararası dərəcədən ibarətdir. Tədavül müddəti 5 il olan istiqrazlar üzrə faiz ödənişləri ildə iki dəfə olmaqla istənilən ilin 15 aprel və 15 oktyabr tarixlərində həyata keçiriləcək. Beləliklə, bir istiqraz bankın 4053 ədəd adi, adlı, sənədsiz səhminə konvertasiya oluna bilər. Bu, Azərbaycan fond bazarı tarixində ilk konvertasiya oluna bilən korporativ istiqraz buraxılışıdır.
Sifarişlər 100 faiz qiymətində təqdim edilib.
Bundan əvvəl bankdan verilən məmuata görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və DEG - "Deutsche Investitions und Entwicklungsgesellschaft MBH", "KfW Bankengruppe"nin üzvü Azərbaycanın ən iri özəl kommersiya banklarından biri olan "Unibank" tərəfindən buraxılan konvertasiya olunan istiqrazlara abunə yazılıblar.
AYİB 17,5 milyon ABŞ dolları dəyərində konvertasiya olunan istiqraz əldə edib, DEG isə 7,5 milyon ABŞ dolları dəyərində istiqraza abunə yazılıb. Konvertasiya olunan istiqrazlar ilk dəfədir ki, ölkədə emissiya olunur və bankın kapital bazasının gücləndirilməsi, eləcə də uzunmüddətli likvidliyin təmin olunması üçün nəzərdə tutulub. Bu sövdələşmə "Unibank"a kiçik və orta müəssisələrin və pərakəndə müştərilərin kreditləşdirilməsi də daxil olmaqla, iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsini davam etdirmək imkanı verəcək.
"Unibank" 2002-ci il oktyabrın 15-də iki özəl kommersiya bankı - "Mbank" və "Promtekhbank"ın birləşməsi nəticəsində yaranıb. "Unibank" universal maliyyə-kredit müəssisəsidir, pərakəndə və korporativ xidmətlər təklif edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (15,1515 faiz) və DEG alman investisiya korporasiyası (8,3333 faiz) kimi maliyyə institutları bankın səhmdarlarıdır.