Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycan bankı "Paşa Bank" martın 30-da nizamnamə kapitalını 8 milyon manat artıraraq 123,4 milyon manata çatdırıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Nizamnamə kapitalının artırılması "Paşa Bank"ın 2010-cu ildə əldə etdiyi mənfəətin qismən kapitallaşdırılması vasitəsi ilə həyata keçirilib. Nizamnamə kapitalının artması bankın iri layihələrdə iştirakı üçün daha geniş imkanlar yaradır . 2007-ci ildə yaranmış "Paşa Bank" nizamnamə kapitalının həcminə görə ölkənin ikinci ən böyük bankı olaraq qalır.
Bu ilin mart ayında "Ernst and Young" müstəqil auditorlar şirkəti "Paşa Bank"ın 2010-cu ilin sonuna olan maliyyə vəziyyəti haqqında hesabatı üzrə artıq öz rəyini verdi. Bankın aktivləri 512,304 min manat (642,065 min ABŞ dolları) həddinə çatmışdır ki, bu da keçən ilin müvafiq göstəricisindən 67 faiz çoxdur, bu məbləğin 37 faizi müştərilərə verilmiş kreditlərdən, 31 faizi qiymətli kağızlar portfelindən, 26 faizi nağd vəsaitlərdən və nağda bərabər tutulmuş vəsaitlərdən, 5 faizi banklararası kreditlərdən, və s. aktivlərdən ibarətdir. Ümumi kredit portfeli 2009-cu ilə nisbətən 1,6 dəfə artaraq 196,081 min manat təşkil etmişdir. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 4,2 faiz təşkil edib.
Səhmdar kapitalı üzrə gəlirlilik əmsalı (ROE) 18,2 faiz (2009 - 16,9 faiz), aktivlər üzrə gəlirlilik əmsalı (ROA) 4,1 faiz (2009 - 5,5 faiz), likvidlik əmsalı 171 faiz (2009 - 77 faiz), kapitalın adekvatlığı əmsalı 62 faiz (2009 - 77 faiz) təşkil edib. Bank həm mənfəətinə, həm də aktivlərin həcminə görə bazarda 5-ci yeri tutur.
Aprelin 12-nə olan rəsmi məzənnə 0,792 AZN/USD təşkil edir.