...

Azərbaycan məhsulları BƏƏ-də keçirilən sərgidə nümayiş olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 19:05 (UTC +04:00)
Azərbaycan məhsulları BƏƏ-də keçirilən sərgidə nümayiş olunur
Azərbaycan məhsulları BƏƏ-də keçirilən sərgidə nümayiş olunur

Azərbaycan, Bakı, 25 aprel /Trend/

İslam Beynəlxalq Ticarət və Maliyyə Korporasiyasının dəstəyi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi və Şərcah Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Şərcah şəhərində 13-cü "IKT Expo" sərgisi keçirilir.

Tədbirin keçirilməsində məqsəd İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrdə iqtisadiyyatın inkişafının dəstəklənməsi, ticarət sahəsində əməkdaşlığın və investisiya imkanlarının genişləndirilməsi, üzv ölkələrin iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.

Trend-in İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də iştirak edirlər.

Ölkəmiz üçün ayrılmış stenddə Azərbaycan şirkətlərinin istehsal etdiyi ərzaq və kənd təsərrüfatı məhsulları, həmçinin, ölkəmizin biznes və investisiya imkanları barədə müxtəlif təşviqat materialları nümayiş olunur.

Sərgi çərçivəsində aprelin 24-26-da İslam Ticarət və Sənaye Palatası tərəfindən "İslam ölkələrində özəl sektorun inkişafı və birgə müəssisələrə investisiyaların yatırılması" mövzusunda 14-cü forum da keçirilir. Forum çərçivəsində AZPROMO-nun nümayəndələri İKT-yə üzv ölkələrin müvafiq təşkilatları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək, Azərbaycan məhsullarının ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparacaqlar. Aprelin 26-da isə Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış əlverişli biznes və investisiya imkanları ilə bağlı ölkə təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti