Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) "Sosial sığorta haqqında" qanuna əlvə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "AmCham"ın Azərbaycandakı icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu deyib.
"AmCham" bu qanuna dəyişikliklərin edilməsi ilə bağlı öz təkliflərini hazırlayıb və onlar texniki xarakter daşıyır. Bu gün ölkədə sosial ödənişlərin hesablanmasının dəqiq sxemi yoxdur. Biz istəyirik ki, sosial ödənişlərin hesablanması bazası gəlir vergisinin hesablanması bazası ilə eyni olsun", - o qeyd edib.
Onun sözlərinə görə, hazırda sosial sığorta haqları vergi gəlirinə nisbətdə daha mürəkkəb sxem üzrə hesablanır.
Hazırda icbari sosial sığorta ödənişinin dərəcəsi iki mənbədən formalaşır. İşəgötürənlər əməkhaqqı fondundan sosial sığortaya 22 faiz məbləğində ödənişlər həyata keçirirlər, işçinin əməkhaqqısından isə 3 faiz tutulur. Minimal əməkhaqqı 85 manatdır.
2008-ci ildən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün sosial sığorta üzrə ödəniş dərəcəsi aşağı salınıb və torpaq sahibləri üçün vahid dərəcə tətbiq edilib. Qüvvədə olan "Sosial sığorta haqqında" qanuna əsasən, ticarət, nəqliyyat, tikinti ilə məşğul olan fərdi sahibkarlar hər ay icbari sığorta üçün minimal əməkhaqqının 70 fazinə nisbətdə 50 faizini, fəaliyyətin digər sahələrində isə 20 faizini (40 faiz) ödəyirlər.
Ailə-kəndli təsərrüfatının üzvləri üçün minimal əməkhaqqının 6 faizi məbləğində dərəcə tətbiq edilib.
Aprelin 28-nə olan rəsmi məzənnə 0,7914 AZN/USD təşkil edir.