...

Sığortaçılar Azərbaycan sığorta bazarının uzunmüddətli strateji inkişaf görüntüsünün olmamasından narahatdırlar - ASA rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkətlərinin başlıca problemi hazırda sığorta tarifləridir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Azər Əliyev deyib.

"Demək olar ki, bütün sığortaçılar öz məhsulları və xidmətləri üçün tariflərin aşağı olmasını, qiymətlərin əsassız dempinqini bildirirlər. Bu növ savadsız rəqabət həm göstərilən xidmətlərin keyfiyyətinə, həm də sığorta şirkətlərinin maliyyə sabitliyinə mənfi təsir göstərir", - Əliyev bildirib.

Onun sözlərinə görə, sığorta şirkətləri üçün digər problem sığorta biznesinin və Azərbaycanın sığorta bazarının uzunmüddətli strateji inkişaf görüntüsünün olmamasındadır.

"Sığorta biznesi - bir il üçün olmayan biznesdir. Sığorta şirkətini uğurla inkişaf etdirmək üçün başa düşmək lazımdır ki, 10 ildən sonra onun başına nə gələcək. Bu anlayış isə demək olar ki, sığorta şirkətlərinin əksəriyyətində yoxdur", - Əliyev qeyd edib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan 2011-2025-ci illər üçün Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli strategiyasına əsasən, 2009-cu ildəki sığorta yığımlarının ÜDM-dəki 0,5 faizlik xüsusi çəkisini 2025-ci ildə azı 3 faizə çatıdırmaq nəzərdə tutulur. 2010-cu ilin yekunları üzrə bu göstərici ÜDM-də 0,37 faizədək azalıb.

Strategiya layihəsinə əsasən, 2009-cu ildə ölkənin sığorta bazarının həcmi 215 milyon dollar olub, 2025-ci ilə isə portfelin 3,108 milyard dollara çatdırılacağı gözlənilir.

Ölkənin Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) məlumatına görə, 2010-cu ildə sığorta haqlarının ümumi həcmi 155,59 milyon manat təşkil edib.

Buna uyğun olaraq hökumətin proqnozlarına görə, 2025-ci ilə sığorta bazarı 16 dəfə artacaq.

Bu məqsədlərə nail olmaq üçün nazirlik sığorta şirkətlərinin kapitallaşdırma səviyyəsinin artırılmasını, təklif olunan məhsul və xidmətlərin çeşidinin genişləndirilməsini (təkrar sığorta, həyat sığortası və s.), eləcə də aqrar sektorda sığorta üzrə ixtisaslaşmış fondun yaradılmasını, kənd təsərrüfatı əmlakının və təbii fəlakətlər siyahısının müvafiq qanunvericilikdə sığorta halları kimi təkmilləşdirilməsini zəruri sayır.

Sığorta şirkətlərinin kapitallaşdırma qrafikinə əsasən, 2013-cü ilədək sığortaçılar üçün kapitalın minimal səviyyəsi 5 milyon manat, təkrar sığortaçılar üçün 10 milyon manat səviyyəsində müəyyənləşib.

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəhbəri Namiq Xəlilovun əvvəllər Trend-ə dediyinə görə, yaxın beş il ərzində Azərbaycanın sığorta bazarının həcmi azı ikiqat artacaq.

"Bunun üçün bütün ilkin şərtlər var və bu proqnozlar əsasən avtomobil sığortası bazarının potensialına, özəl və korporativ əmlak sığortasına, könüllü həyat sığortasına əsaslanır", - Xəlilov deyib.

Onun fikrincə, bu gün başlıca vəzifə ondan ibarətdir ki, sığorta dövlət və korporativ siyasət sahəsindən ayrı-ayrı şəxslərin özəl siyasətinə keçsin ki, insanlar öz əmlak maraqlarını daha yaxşı müdafiə etsinlər. Onun sözlərinə görə, bu, ölkədə sığorta bazarının həcmlərinin xeyli artmasına imkan verəcək və burada bir milyard manatlıq potensial son hədd ola bilməz.

"Əhalisi Azərbaycandan az olan ölkələr var, lakin onların sığorta bazarı artıq bir milyardlıq xətti keçib", - Xəlilov bildirib.

Bu gün ölkədə 28 sığorta şirkəti (eləcə də xarici kapitalın iştirakı ilə beş), bir təkrar sığorta və altı broker şirkəti (eləcə də xarici kapitalın iştirakı ilə beş) fəaliyyət göstərir.

Mayın 6-na olan rəsmi məzənnə 0,791 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti