Azərbaycan, Bakı, 7 may/Trend, müxbir N.İsmayılova/
Azərbaycan Maliyyə Nazirliyi Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabına 8,7 milyon manat köçürüb. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
Çərşənbə axşamı Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə və digər bu kateqoriyadan olan şəxslərə birdəfəlik maddi yardımın edilməsi barədə sərəncam imzalayıb.
Sərəncam 33 600 nəfərə şamil olunub. Bunlardan 4250 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və sərəncama əsasən, onlara 500 manat məbləğində birdəfəlik yardım göstərilib. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 29 350 nəfər təşkil edir.
"Hazırda həmin vəsaitdən 78 rayon və şəhər şöbələri, eləcə də Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti, o cümlədən Naxçıvan MR DSMF vasitəsilə 3 395 nəfər müharibə iştirakçısının hesabına 1 697 500 manat köçürülüb. Müharibə iştirakçılarından 856 nəfər Bakının müxtəlif rayonlarında, Abşeron və Sumqayıtda yaşayır", - Müslümov bildirib.
29 717 nəfərin hesabına 5 943 400 manat vəsaiti köçürmək üçün rayon şöbələrinin hamısının hesabına vəsait köçürülüb.
" 3 gündən sonra ödənişlərin vəziyyəti haqqında məlumat əldə edəcəyik", - DSMF sədri bildirib.
Beləliklə, müharibə iştirakçıları üçün ayrılan 8,7 milyon manat vəsaitin 7,640 milyon manatı artıq öz təyinatı üzrə köçürülüb. Qalıq isə 1,06 milyon manat təşkil edir. Bu vəsait şəxslərin sorğularının təmin olunmasına yönəldiləcək. Bu proses davam edir.
Müslümovun sözlərinə görə, ilin sonunda istifadə olunmamış vəsaitlər xəzinə hesabında bərpa olunacaq.
Hazırda Naxçıvanda, 145, Şəkidə 62, Ağstafada 55, Bərdədə 54, Qazaxda 53, Qubada 61, İsmayıllıda, 50, Gədəbəydə 111, Masallıda 54, Tovuzda 90, Şəmkirdə 84 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır.