...

İranda Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinə büdcədən 111 milyon dollar vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2011 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir T.Cəfərov/

İran 2011-2012-ci il dövlət büdcəsindən "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinə 111 milyon dollar vəsait ayırıb. Bunu İran parlamentinin Büdcə məsələlərinin inteqrasiyası komissiyasının üzvü Fərhad Dəlqpuş deyib. Bu barədə Trend İranın IRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Dəlqpuş əlavə edib ki, Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinə sərmayə yatırmaq üçün Rusiya və Çin ilə müzakirələr aparılırdı. Nəticədə Rusiya tərəfi ilə ilkin razılıq əldə olunub və yaxın gələcəkdə layihənin icrası üzrə müqavilə bu ölkə ilə imzalanacaq.

O əlavə edib ki, 171 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisinə ötən il başlanılıb və işlər yaxşı səviyyədə aparılır. 2013-cü ilin sonunadək bu dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub.

İranda cari il üçün (2011-2012-ci illər - İranda il martın 21-də dəyişir) ötən həftə parlament tərəfindən təsdiq olunmuş ümumi büdcənin məbləgi 508 milyard dollar təşkil edir. Büdcənin həcmi ötən illə müqayisədə 40 faiz artıb.

Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsidir.

Layihə çərçivəsində Azərbaycan ərazisində işlərin həcmi Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmir yolu xəttinin, təkərlərin dəyişdirilməsi üçün sistem stansiyalarının, sərhəd və gömrük infrastrukturunun tikintisini nəzərdə tutur. Sərhəd dəmir yolu körpüsünü də tikmək lazımdır, lakin bu layihə İranla paritet əsasda həyata keçiriləcək.

Bu dəhlizlə yüklərin daşınmasının həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 10-15 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti