Azərbaycan, Bakı, 17 may /Trend/
"AccessBank" 2010-cu ilin yekunları üzrə dövlət büdcəsinə 11,5 milyon manat vəsait köçürüb. Buraya Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və ödəniş mənbələrindən tutulan vergilər də daxildir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankdan bildirilib.
Məlumatda deyildiyi kimi, bu, bankın bütün sahələrdə sabit inkişafının göstəricisidir. "AccessBank" daim öz hüquqi, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsinə çalışır və ölkənin inkişafına böyük töhfə verir.
"AccessBank"ın baş meneceri Andrev Pospielovski bu nəticələri şərh edərək deyib: "AccessBank" daim öz fəaliyyət şəffaflığını təmin etməyə çalışıb və bu gün, 2010-cu il üzrə dövlət büdcəsinə köçürmələri bəyan etməklə, biz öz vergi öhdəliklərimizdə də şəffaflığı təmin etməyə çalışırıq".
"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin 2010-cu ildə "Euromoney" nəşriyyat qrupu və 2011-ci ildə "Global Finance" jurnalı tərəfindən "Azərbaycanın ən yaxşı bankı" kimi tanınıb.
"AccessBank" 100 faizlik xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16,5 faiz) və Almaniyanın "LFS Financial Systems GmbH" (3,5 faiz) şirkətləridir.
Mayın 17-nə rəsmi məzənnə 0,7905 AZN/USD təşkil edir.