...

Azərbaycanda 10 il ərzində qiymətli kağızlar bazarının ciddi inkişafı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2011 16:03 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində işlər 6 istiqamətdə aparılacaq.
Azərbaycanda 10 il ərzində qiymətli kağızlar bazarının ciddi inkişafı gözlənilir

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir N.İsmayılova/

Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində işlər 6 istiqamətdə aparılacaq.

Tədbirlər planına qiymətli kağızlar bazarının institusional inkişafı, kollektiv investisiya sxemlərinin və maliyyə vasitəçiliyinin fəaliyyətinin təşviqi, qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi, korporativ idarəetmənin və maliyyə şəffaflığı prinsiplərinin tətbiqinin genişləndirilməsi, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, məlumatlandırmanın və peşəkar kadrların hazırlanmasının artırılması daxildir. Dövlət Proqramının mətni və tədbirlər planı çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.

Birinci istiqamət üzrə 10 il ərzində fond birjasının təşkilati və hüquqi strukturunun beynəlxalq standartlara uyğunlaşdırılması, yeni ticarət sisteminin tətbiqi nəzərdə tutulur. Bu, baza və törəmə maliyyə alətlərinin ticarət imkanlarını genişləndirməyə imkan verəcək. 2011-2013-cü illər ərzində qiymətli kağızların uçotu və onun hüquqi mexanizmi sadələşdiirləcək. 2012-2014-cü illərdə dövlət və korporativ qiymətli kağızlar üzrə mərkəzləşdirilmiş vahid depozit mərkəzi yaradılacaq.

Ölkənin Mərkəzi Bankı (AMB) ilə birlikdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2012-2014-cü illərdə qiymətli kağızların girov təminatı prosedurunun avtomatlaşdırılması və optimallaşdırılması üzrə tədbirlər keçirəcək, 2013-2016-cı illərdə isə birjadankənar mütəşəkkil qiymətli kağızlar bazarının əməliyyat-hesablama sisteminin klirinq sisteminə inteqrasiyası təmin ediləcək.

Tədbirlər planı kollektiv investisiya sistemlərinin və maliyyə vasitəçiliyinin təşkilini və təşviqini də nəzərdə tutur. Onun çərçivəsində 2012-2013-cü illərdə investisiya şirkətlərinin fəaliyyətini tənzimləyən və şirkətlərin aktivlərin idarə edilməsi, eləcə də investisiya fondları və digər kollektiv investisiya sxemləri üzrə fəaliyyətini təşviq edən zəruri normativ-hüquqi baza formalaşdırılacaq.

Maliyyə Nazirliyi, AMB və QKDK-nın birgə iştirakı ilə 2011-2013-cü illərdə proqnozlaşdırılan, stabil ilkin və likvidli dövlət istiqrazlarının təkrar bazarının formalaşdırılması üzrə işlər görüləcək. 2013-2015-ci illərdə QKDK tərəfindən market-meyker institutlarının fəaliyyətinin təşviqi və onların fəaliyyətinin normativ-hüquqi bazasının yaradılması məqsədilə tədbirlər görüləcək.

QKDK İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə 2012-2014-cü illərdə kiçik və orta sahibkarlar üçün birja ticarət platformasının alternativini yaradacaq.

Maliyyə Nazirliyi qarşısında 2015-ci ilədək özəl və dövlət müəssisələrinin maliyyə hesabatı təcrübəsinin inkişafı üzrə tədbirlərin həyata keçirilməsi, beynəlxalq və milli maliyyə hesabatları standartlarının tətbiqinin təmini vəzifəsi qoyulub. QKDK 2016-2018-ci illərdə reytinq agentliklərinin fəaliyyətini tənzimləyən və onların fəaliyyətinin təşviqi üzrə normativ-hüquqi bazanın formalaşdırılması məqsədilə işlər görüləcək.

2013-cü ilədək ölkədə qabaqcıl beynəlxalq təcrübəyə cavab verən "Qiymətli kağızlar haqqında" yeni qanunun qəbul edilməsi gözlənilir. 2013-cü ildə qiymətli kağızların buraxılması və qeydiyyat üzrə optimal sistemin yaradılması və qiymətli kağızların beynəlxalq rəqəmləmə sisteminin (ISIN kodları) tətbiqi planlaşdırılır.

Dövlət proqramı çərçivəsində məlumatlılığın və peşəkar kadrların hazırlanmasının artırılması da nəzərdə tutulub. Bununla əlaqədar mütəmadi əsasda QKDK-nın təşkilati-funksional potensialının gücləndirilməsi, kadr potensialının inkişafı, dövlət komitəsi yanında təlim kurslarının potensialının gücləndirilməsi və kapital bazarı üzrə sertifikatlaşdırılmış proqramların təşkili üzrə tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti