Azərbaycan, Bakı, 18 may /Trend, müxbir N.İsmayılova/
2011-ci ilin birinci rübü ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) 156 milyon dollar həcmində valyutanın sterilizasiyasını aparıb, valyuta bazarı isə özünütənzimləyən rejimdə fəaliyyət göstərib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın pul siyasəti üzrə açıqladığı hesabatda deyilir.
2011-ci ilin əvvəlindən AMB valyuta bazarında təklif kanallarının genişləndirilməsi və yeni əməliyyat mexanizmi şəraitində özünün məzənnə siyasətini həyata keçirib.
Cari ilin birinci rübü ərzində manatın dollara nisbətdə məzənnəsi 0,65 faiz möhkəmlənib. Bu il ərzində milli valyutanın sabitliyi makroiqtisadi və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.
Birinci rübdə manatın nominal effektiv məzənnəsi Azərbaycanın bəzi tərəfdaş ölkələrinin valyutalarına nisbətdə möhkəmlənib və digər ölkələrin valyutalarına nisbətdə ucuzlaşıb. Manatın nominal effektiv məzənnəsinin dinamikası real effektiv məzənnənin də dəyişməsinə təsir göstərib.
Hesabat dövrü ərzində manat bəzi ölkələrin valyutalarına nisbətdə (Avropa, Rusiya, Gürcüstan) həm nominal, həm də real olaraq ucuzlaşıb. Böyük Britaniya, Qazaxıstan, Yaponiya, İsrail, Çin və Cənubi Koreyanın valyutalarına nisbətdə manat nominal ucuzlaşıb, real şəkildə isə möhkəmlənib.
Birinci rübdə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə ümümi mal dövriyyəsində 2,2 faiz ucuzlaşıb. Tərəfdaş ölkələrdə inflyasiya nominal effektiv məzənnənin 1,5 faiz artmasına kömək edib. Qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə 0,8 faiz ucuzlaşıb. Hesabat dövrü ərzində nominal effektiv məzənnə və real effektiv məzənnə müvafiq olaraq 1,5 faiz və 1,7 faiz bahalaşıb.