Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Axundov/
Cənubi Qafqaz ölkələrində vahid sərhəd idarəetmə sisteminin dəstəklənməsi proqramı (SCIBM) çərçivəsində Dövlət Sərhəd Məcəlləsinin layihəsi təklif olunacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bu proqram üzrə təlimatçıların hazırlanması metodologiyasına həsr olunmuş seminarda SCIBM layihəsinin rəhbəri Məzahir Əfəndiyev bildirib.
"Proqram çərçivəsində işlərə artıq başlanılıb. Biz Dövlət Sərhəd Məcəlləsinin layihəsini təklif edirik. Burada dövlət sərhəd idarəetməsi sisteminin konsepsiyası əks olunub, eləcə də hazırkı qanunvericilikdə mövcud olan çatızmazlıqlar aradan qaldırılıb", - Əfəndiyev bildirib.
Bazar ertəsi SCIBM layihəsi çərçivəsində təlimatçıların hazırlanması üzrə növbəti treninq start götürüb.
"Bu gün bizim üçün başlıca vəzifə kadrların hazırlanmasıdır ki, bu da üçgünlük treninqin prioritetlərindən biri olacaq", - o deyib.
Proqram 2009-2012-ci illər üçün nəzərddə tutulub. Onun büdcəsi 6 milyon avro təşkil edir.
Dövlət Sərhəd Məcəlləsi layihəsi Cənubi Qafqaz dövlətlərində adamların və malların hərəkətinə yardıma yönəlib və bu zaman müvafiq xidmətlər, eləcə də həm Cənubi Qafqaz ölkələri, həm də digər ölkələrlə, Aİ-yə üzv ölkələr və digər beynəlxalq subyektlər arasında əməkdaşlığın möhkəmləndirilməsi hesabına sərhədlərin təhlükəsizliyi təmin edilir.
Layihə Latviya, Polşa, Litva, Estoniya və Çexiyanın sərhəd xidmətləri, Miqrasiya Siyasətinin İnkişafı Beynəlxalq Mərkəzi və Fransa hökuməti ilə qarşılıqlı əlaqə çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir.