...

Azərbaycanda hasil olunan misdə hökumətin payı qızılla ödəniləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2011 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining plc" şirkəti 2011-ci ilin sonunadək ən azı 1000 ton mis satmağı planlaşdırır. Bu barədə Trend-ə şənbə günü şirkətin baş direktoru Rza Vəziri məlumat verib.

"Misin bir hissəsi artıq konsentrat şəklində Cənubi Koreyaya ixrac olunub, bir hissəsi isə ixrac üçün hazırlanır. Hasil etdiyimiz mis yüksək rütubətliliyi ilə fərqlənir və heç də hamı onu almağa hazır deyil", - Vəziri deyib.

Onun sözlərinə görə, şirkətin zavodunda yeni texnologiyaların tətbiqinə başlanıb ki, onlar filizin rütubətliliyinin azalmasına kömək edəcək.

"Azərbaycan hökuməti ilə onun misdəki payını qızılla ödəyəcəyimiz barədə razılaşma əldə olunub. Çünki indi ölkədə qızıl ehtiyatları yaradılır və hökumət öz payını qızıl kimi əldə etməyi daha əlverişli hesab edir", - o bildirib.

Vəzirinin sözlərinə görə, ilin sonunadək təxminən beş milyon unsiya gümüş satmaq da planlaşdırılır. Şirkət hasil olunan gümüşü saflaşdırılmaq üçün qızılla birgə İsveçrəyə göndərəcək.

"Anglo-Asian Mining plc" şirkəti 2011-ci ilin birinci rübündə 14 028 unsiya qızıl istehsal edib. Birinci rübdə şirkət tərkibində 104 tona yaxın mis olan mis konsentratı, 762 kiloqram gümüş, 2,3 kiloqram qızıl hasil edib.

İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Ümumilikdə 2015-ci ilədək "Gədəbəy" yatağından 300 min unsiya qızılın hasil edilməsi planlaşdırılır.

"Anglo Asian Mining plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti