Azərbaycan, Bakı, 30 iyun /Trend/
28 iyun 2011-ci il tarixində "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 2010-cu maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçirilib. Trend-in məlumatına görə, bu barədə "Ata Holding" şirkətinin yaydığı məlumatda deyilir. "Ata Holding" "AtaSığorta" şirkətinin yeganə təsisçisidir.
Ümumi yığıncaqda cəmiyyətin 2010-cu ilin yekunları üzrə idarə heyətinin, Direktorlar Şurasının, Təftiş Komissiyasının hesabatları dinlənilib, kənar müstəqil auditor tərəfindən yoxlanılaraq rəy verilən 2010-cu ilin yekunları üzrə maliyyə hesabatları təsdiq edilib, xalis mənfəətin kapitallaşdırılması barədə qərarlar qəbul olunub.
"AtaSığorta" ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkətin yeganə təsisçisi "AtaHoldinq" ASC-dir və onun ödənilmiş nizamnamə kapitalı 4.8 mln. AZN təşkil edir. "AtaSığorta" şirkəti 27 növ sığorta xidmətləri, onlardan 22 könüllü və 5 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. "AtaSığorta" müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir", - məlumatda deyilir.
Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır.