...

Azərbaycan sənaye istehsalının səmərəliliyini 4 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2011 14:10 (UTC +04:00)
1996-cı illə müqayisədə 2010-cu ildə ümumi daxili məhsul istehsalı 5,7 dəfə artıb.
Azərbaycan sənaye istehsalının səmərəliliyini 4 dəfə artırıb

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir A.Axundov/

1996-cı illə müqayisədə 2010-cu ildə ümumi daxili məhsulun həcmi 5,7 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda elmi simpoziumunda çıxışı zamanı deyib.

"ÜDM-in həcmi o cümlədən sənaye sahələrində 5,5 dəfə, kənd təsərrüfatında 1,9 dəfə, tikinti sektorunda 41,0 dəfə, nəqliyyat xidmətləri sahələrində 3,7 dəfə, rabitədə 18,7 dəfə, ticarətdə 5,7 dəfə artıb", - Vəliyev qeyd edib.

Onun sözlərinə görə, Sovet dövründə 4 il ərzində istehsal edilən sənaye məhsulları indi 1 il ərzində istehsal edilir.

"SSRİ-nin tərkibində olarkən böyük sənaye potensialı olmuş ölkəmizdə müstəqillik bərpa olunduqdan sonrakı 5 il ərzində ciddi böhran yaşanıb, sənaye məhsulu istehsalı 1991-1995-ci illərdə hər il 19 faiz azalıb", - Vəliyev qeyd edib.

Onun sözlərinə görə, sonrakı illərdə isə sənaye istehsalı orta hesabla hər il 10,6 faiz artaraq müstəqilliyinin bərpasının nəinki ilk ilində, hətta 1980-90-cı illərdə olan inkişaf səviyyəsini xeyli qabaqlayıb.

"Son 10 ildə isə sənaye daha yüksək sürətlə inkişaf edib. Təkcə 2010-cu ildə istehsal olunmuş sənaye məhsulu 50-60-cı illərin - 10 il ərzində istehsal olunmuş məhsula bərabərdir. Son 5 ildə isə 50-70-ci illərdə, yəni 20 ildə istehsal olunmuş məhsula bərabər sənaye məhsulu istehsal edilib", - Vəliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti