...

FATF İran və Şimali Koreya ilə işgüzar münasibətlərə xüsusi diqqət yetirməyə çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2011 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Axundov/

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) əvvəllər yayımladığı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində strateji uyğunsuzluqlara malik olan və beynəlxalq maliyyə sisteminə ciddi təhlükə yaradan dövlətlərin siyahısını yeniləyib.

Bu qərar Mexikoda keçirilən FATF-ın və Cənubi Amerikanın FATF tipli regional qurumu olan GAFISUD-un birgə plenar iclası zamanı qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Maliyyə Monitorinqi Xidmətinin məlumatında deyilir.

İran İslam Respublikasını və Koreya Xalq Demokratik Respublikasını belə dövlətlərə aid etmiş FATF onları PL/TMM sahəsində mövcud strateji uyğunsuzluqların aradan qaldırılmasına dəvət edib, eləcə də dünya dövlətlərini İran və Şimali Koreya, habelə həmin ölkələrin hüquqi və fiziki şəxsləri ilə olan işgüzar münasibətlərə və aparılan əməliyyatlara xüsusi diqqətin yetirilməsinə dair öz maliyyə institutlarına tövsiyə etməyə çağırıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə kollektiv tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün yaradılan hökumətlərarası təşkilatdır. FATF 1989-cu ildə Parisdə keçirilən "böyük səkkizliy"in sammitinin qərarına uyğun yaradılıb. Hazırda FATF-a 34 iştirakçı daxildir. FATF 1990-cı ildə pul vəsaitlərinin yuyulması ilə mübarizə aparmaq üçün 40 tövsiyə hazırlayıb. 1996 və 2003-cü illərdə pulların silinməsi texnologiyasının inkişaf etməsi ilə əlaqədar olaraq onlara yenidən baxılıb. Bundan başqa, FATF 2001-ci ildə terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə doqquz xüsusi tövsiyə də hazırlayıb. O, 2004-cu ilin oktyabrında dünyada dəyişmiş siyasi vəziyyətə uyğunlaşdırılıb. Bu sənədlər pulların silinməsi və terrorizmin maliyyələşməsinin qarşısının alınması üzrə beynəlxalq standartlar kimi qəbul edilib.

Xəbər lenti

Xəbər lenti