Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/
Azərbaycan Vergilər Nazirliyi ilin əvvəlindən Mərkəzi Bank və digər aidiyyəti qurumlarla birgə ticarət və xidmət sahələrində POS-terminalların quraşdırılması işini sürətləndirib. Trend-in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Bu barədə çərşənbə günü rəsmi mətbuatda yayılan məlumatda bildirilir.
"Altı ay ərzində təkcə Bakıda 3 mindən artıq POS-terminal quraşdırılıb", - Məmmədov deyib.
Onun sözlərinə görə, eyni zamanda, stasionar telefon rabitəsinin olmadığı obyektlərdə mobil rabitə vasitəsilə çalışan POS-terminalların ölkəmizə gətirilməsi üçün banklarla danışıqlara başlanılıb.
"Artıq belə aparatların bir qismi gətirilərək obyektlərdə quraşdırılması təmin edilib", - Məmmədov deyib.
Onun sözlərinə görə, vergitutma bazasını genişləndirməyin ən əsas yollarından biri də sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir.