...

İlin I yarısında Azərbaycanda 80 kilometrdən çox su xətti çəkilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 16:48 (UTC +04:00)
2011-ci ilin ilk 6 ayında respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə büdcə vəsaiti hesabına 61 kilometr, daxili imkanlar hesabına isə 20 kilometrə yaxın su xətti çəkilib.
İlin I yarısında Azərbaycanda 80 kilometrdən çox su xətti çəkilib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ilin ilk 6 ayında respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə büdcə vəsaiti hesabına 61 kilometr, daxili imkanlar hesabına isə 20 kilometrə yaxın su xətti çəkilib. Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Bu barədə çərşənbə günü rəsmi mətbuatda yayılan məlumatda bildirilir.

"İlin birinci yarısında ümumi həcmi 2200 kubmetr olan 4 su anbarı, 2 su nasos stansiyası tikilib, 6 subartezian quyusu qazılıb, 50-dən artıq subartezian quyusu təmir edilərək istismara verilib", - Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Bakıda və regionlarda 30-dan artıq obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.

"Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə təşkilatları arasında bağlanmış sazişlərə uyğun olaraq, 8 şəhərdə - Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə tikinti işlərinə başlanılıb, ilin sonuna qədər isə Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda işlərə başlanması planlaşdırılır", - Hüseynov bildirib.

ASC sədrinin sözlərinə görə, eyni zamanda, büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su və kanalizasiya sistemləri yenidən qurulur.

"Hazırda 2011-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi zamanı ayrılmış vəsait hesabına bir sıra rayon mərkəzlərində işlərə başlamaq üçün Nazirlər Kabineti ilə müzakirələr aparılır. Qalan rayonlarda isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ildə başlanması nəzərdə tutulur", - Hüseynov qeyd edib.

Xəbər lenti

Xəbər lenti