...

"Azpetrol"un istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə sığortaçısı "Atəşgah Həyat" şirkətidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2011 13:30 (UTC +04:00)
"Atəşgah" sığorta qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti "Azpetrol" şirkətinin əməkdaşlarının istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə sığortaçısıdır.
"Azpetrol"un istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə sığortaçısı "Atəşgah Həyat" şirkətidir

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir İ.Xəlilova, E.İsmayılov/

"Atəşgah" sığorta qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti "Azpetrol" şirkətinin əməkdaşlarının istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə sığortaçısıdır. Trend-in məlumatına görə, bu barədə şirkətdən avqustun 9-da Hacıqabul rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayışda "Azpetrol"un işçilərinə sığorta ödənişinin edilməsi imkanı şərh edilərkən bildirilib.

"Bizim şirkət "Azpetrol"u yalnız bir növdə - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığortalayıb, lakin "Azpetrol"un sığortaçısı bizə baş vermiş hadisə ilə bağlı hələ ki rəsmən müraciət etmədiyindən bu sığorta hadisəsi üzrə ödəniş haqqında danışmaq tezdir", - şirkətdən deyilib.

"Azpetrol"un mətbuat xidmətinin rəhbəri Camal Zeynalovun dediyinə görə, partlayış nəticəsində dəymiş ziyanın məbləği ilə bağlı məlumat hələ ki yoxdur.

"Hazırda dəymiş ziyan hesablanır. Buna görə də sığorta şirkətinə dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hələ ki tezdir", - Zeynalov bildirib.

1965-ci il təvəllüdlü Hacıyev Çingiz İdris oğlu və 1971-ci il təvəllüdlü Babayev Eldar həlak olub, həmin ərazidə dayanmış "Man" markalı yanacaq daşıyan avtomobilin arxa hissəsi qismən, yanacaqdoldurma məntəqəsinin 1 ədəd yanacaq doldurmaq üçün istifadə olunan aparatı, məntəqə ərazisində olan "Mercedes" markalı sərnişin avtobusu, 2 "Qaz" və 1 "Vaz" markalı minik, 1 "Qazel" və 1 "Man" markalı yük avtomobillərinin yanar hissələri yanıb, yanacaqdoldurma məntəqəsinin şüşələri qırılıb. Həmçinin, hadisə nəticəsində 22 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası, o cümlədən 2 helikopteri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanacaqdoldurma məntəqəsinə məxsus yanacaqla dolu yeraltı çənlər, həmin ərazidə olan tikililər və digər avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 15:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Nazirliyin helikopteri vasitəsilə 4 yaralı (2 kişi və 2 qadın) Bakı şəhərinə gətirilib və xəstəxanaya yerləşdirilib. Onlardan biri - Səfərov Etibar Tofiq oğlu xəstəxanada vəfat edib.

Xəbər lenti

Xəbər lenti