...

Azərbaycan və Qazaxıstan hökumətləri iqtisadi əlaqələri müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 13:05 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan hökumətləri iqtisadi əlaqələrin ikitərəfli inkişafı perspektivlərini nəzərdən keçirəcəklər.
Azərbaycan və Qazaxıstan hökumətləri iqtisadi əlaqələri müzakirə edəcəklər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Qazaxıstan hökumətləri iqtisadi əlaqələrin ikitərəfli inkişafı perspektivlərini nəzərdən keçirəcəklər. Müzakirələr oktyabrın əvvəllərində Bakıda İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın səkkizinci iclası çərçivəsində aparılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü diplomatik mənbələrdən məlumat verilib.

Hazırda tərəflər iclasın keçiriləcəyi konkret tarixi və onun gündəliyini razılaşdırırlar.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Qazaxıstan arasında ikitərəfli mal dövriyyəsi 142,7 milyon dollar təşkil edib.

Bakıdakı hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Qazaxısxtanın neft və qaz naziri, komissiyanın həmsədri Sayat Mınbayevin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək.

Azərbaycan tərəfdən komissiyanın həmsədri sənaye və energetika naziri Natiq Əliyevdir.

İclasda habelə, yeni sazişlərin mətnləri də müzakirə olunacaq. Tərəflər əməkdaşlığın müxtəlif sahələri üzrə 10-dan artıq ikitərəfli sənəd layihəsinə baxacaqlar.

Azərbaycanda Qazaxıstan kapitalının iştirakı ilə "Bakı Taxıl Terminalı" birgə müəssisəsi uğurla fəaliyyət göstərir. Bir müddət əvvəl Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Trend-ə bildirib ki, ötən il Qazaxıstan Azərbaycana 960 min tona yaxın taxıl satıb. Hazırda Azərbaycanın bu il Qazaxıstan taxılı alması ilə bağlı danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti