...

DB Azərbaycana yeni kredit ayırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan hökuməti və Dünya Bankı (DB) sentyabrın 21-də kapital bazarının modernləşdirilməsi layihəsi (CMMP) üzrə kredit sazişi imzalayacaqlar. Bu barədə Trend-ə bazar ertəsi DB-nin Bakı nümayəndəliyindən məlumat verilib. DB layihənin reallaşdırılması üçün Azərbaycana 12 milyon dollar vəsait ayırıb.

"Bu layihə Dünya Bankının Azərbaycanın maliyyə sektorunun möhkəmləndirilməsi və şaxələndirilməsinə dəstəyin davamıdır", - nümayəndəlikdən qeyd edilib.

Azərbaycan hökuməti adından kredit sazişinin imzalanması səlahiyyəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanova həvalə edilib. Bankdan sənədi DB-nin Bakı nümayəndəliyinin rəhbəri Cozef Ouen imzalayacaq.

Layihənin maliyyələşdirilməsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB DB qrupuna daxildir) kredit resursları hesabına həyata keçiriləcək.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) də bu layihənin komponentlərindən birini maliyyələşdirəcək. Kapital bazarının oyunçularının potensialının möhkəmləndirilməsinə və bu layihə çərçivəsində bazar alətlərinin inkişafına SECO 1,6 milyon dollar məbləğdə texniki yardım göstərməyi planlaşdırır.
Layihə ortamüddətli perspektivdə özəl sektora davamlı alternativ maliyyə mənbələri üçün imkanların təmin edilməsi yolu ilə dəstəyin artırılmasını nəzərdə tutur ki, bu da Dünya Bankının 2011-2014-cü illərdə ölkə ilə qeyri-neft sektorunun gücləndirilməsi strategiyası çərçivəsində birinci strateji tapşırığın icrasına kömək edəcək.

Layihənin həyata keçirilməsi zamanı əsas diqqət növbəti mərhələ üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, vahid platforma çərçivəsində qiymətli kağızlarla ticarətin avtomatlaşdırılması prosesinin başa çatdırılmasına ayrılacaq, eləcə də bazrda tələb və təklifin stimullaşdırılması tədbirləri görüləcək.

Bankın Azərbaycandakı indiki portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən ibarətdir. Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.

Xəbər lenti

Xəbər lenti