...

FAO torpaqların idarə olunması sahəsində Azərbaycana kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2011 17:01 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) torpaqdan istifadə və onun idarə olunması sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
FAO torpaqların idarə olunması sahəsində Azərbaycana kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Axundov/

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) torpaqdan istifadə və onun idarə olunması sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə çərşənbə axşamı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının direktor müavini, Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional nümayəndəsi Fernanda Queryeri deyib.

Onun sözlərinə görə, bununla yanaşı, FAO digər ölkələrlə sərhəddə yayılan heyvan və bitki xəstəlikləri ilə mübarizədə Azərbaycana kömək edə bilər.

"Bilik və bacarıqların bu sahədə artırılması məqsədilə Azərbaycana kömək göstərmək zəruridir", - Queryeri bildirib.

Regional nümayəndənin sözlərinə görə, bununla belə, məhsulun beynəlxalq bazara çıxışında qida təhlükəsizliyi məsələləri çox vacibdir və FAO bu sahədə biliklərin artırılması üçün Azərbaycana kömək etməkdə təşəbbüs göstərə bilər.

"Əməkdaşlıq üçün açıq olan digər sahə də Azərbaycanda olan təbii sərvətlərin mühafizəsidir. Ölkədə yüksəkkeyfiyyətli genetik materiallar var və bu resursların mühafizəsi və gələcək nəsillərə ötürülməsi sahəsində əməkdaşlıq etmək mümkündür", - o deyib.

Queryerinin sözlərinə görə, qida təhlükəsizliyi ilə yalnız kifayət qədər kənd təsərrüfatı məhsulları deyil, eləcə də insanların onlardan istifadəsini təmin etmək də nəzərdə tutulur.

"Azərbaycanda Bakı hüdudlarından kənarda, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı, eyni zamanda, dəyişkən iqlim şəraiti olan ərazilərdə ərzaq təminatı problemləri var. Hökumət müəyyən tədbirlər görür, lakin bu istiqamətdə işlər davam etdirilməlidir", - o deyib.

FAO inkişaf etməkdə olan ölkələrə və iqtisadiyyatları keçid dövründə olan ölkələrə kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatı ilə bağlı metodları müasirləşdirmə və təkmilləşdirmədə kömək edir. Təşkil olunduğu 1945-ci ildən bəri təşkilat dünyanın aclıq problemi ilə üzləşən sakinlərinin 70 faizdən çoxunun yaşadığı kənd zonalarına xüsusi diqqət yetirir.

Təşkilata 191 üzv ölkə, iki assosiativ üzv və bir təşkilat - Aİ daxildir.

Xəbər lenti

Xəbər lenti