Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan sığorta şirkəti "Atəşgah Həyat" ASC "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın üzünü 1,5 milyon manatlıq sığorta edib. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə şirkətin İdarə Heyəti sədrinin müavini Əkbər Mədətli deyib.
"Azərbaycanda sığortanın belə növü (bədənin hissələrinin sığortası) ilk dəfə tətbiq olunur", - Mədətli bildirib.
Onun sözlərinə görə, Azərbaycan sığorta bazarı dinamik inkişaf edir və yeniliklərə ehtiyacı var.
"Sığorta şirkəti müqavilə imzalayıb. Buna görə, Nigar Camal şirkətin siması olacaq. Camalın üzünü artıq şirkətin Azərbaycandakı reklam lövhələrində görmək olar, eyni zamanda, bunu Baden-Badendə keçiriləcək təkrar sığorta üzrə beynəlxalq simpoziumda da görmək olar", - Mədətli deyib.
Onun sözlərinə görə, müqaviləyə əsasən, Camal ölkənin maliyyə sektorunu təmsil edən digər şirkətlərlə bənzər müqavilələr bağlaya bilməz.
Bu müqavilənin təkrar sığortaçısı "Hannover Life Re" alman təkrar sığorta şirkətidir.
"Almaniyanın təkrar sığorta şirkəti bir il müddətinə nəzərdə tutulan müqavilənin qiymətinin təşkilində iştirak edib. Ancaq sığorta məbləğini biz açıqlaya bilmərik, çünki bu, ticarət sirridir", - Mədətli deyib.
Onun sözlərinə görə, "Atəşgah Həyat" həyat sığortasına aid bu növ üzrə müqavilələrin bağlanması üçün fiziki şəxslərdən istənilən təklifləri qəbul etməyə hazırdır.
Sentyabrın 28-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.