Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Azərbaycanın "Silk Way" şirkətinin Əfqanıstanda qəzaya uğramış təyyarəsi ilə bağlı araşdırmalara başlayır. Trend-in məlumatına görə, bunu həmin təyyarənin 5 ekipaj üzvünü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edən "Atəşgah Həyat" sığorta şirkətinin idarə heyəti sədrinin müavini Əkbər Mədətli çərşənbə günü jurnalistlərə deyib.
"Araşdırmaların məqsədi bu sığorta hadisəsini istehsalatda bədbəxt hadisə kimi təsnif etməyin mümkün olub-olmamasını aydınlaşdırmaqdır", - Mədətli bildirib.
Onun sözlərinə görə, şirkətin nümayəndəsinin də iştirakı ilə keçiriləcək araşdırma yaxın günlərdə başlayacaq.
"Araşdırma nəticəsində bu hadisə istehsalatda bədbəxt hadisə kimi təsnif edtilsə, ödənişin məbləği müəyyən olunacaq", - o deyib.
Mədətlinin sözlərinə görə, bu müqavilələr üzrə təkrar sığortaçı Almaniyanın "Hannover Life Re" təkrar sığorta şirkətidir.
"Bizim şirkətlərimiz arasında avtomatik təkrar sığorta haqqında müqavilə var. Bizim qəbul etdiyimiz bütün risklər avtomatik şəkildə həmin şirkətlərə keçir", - o deyib.
İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşı olublar.
Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.
Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.
Hava gəmisi Azərbaycanın "İpək Yolu Sığorta" şirkəti tərəfindən sığortalanıb.
Hazırda Moskvada MDB Dövlətlərarası Aviasiya Komitəsində qəzanın səbəblərini müəyyən etmək üçün göyərtədəki özüyazan qurğunun təhlili aparılır.
Təyyarənin ekipajı doqquz nəfərdən ibarət olub:
1.Gəminin komandiri Sergey Kuzmin (1969-cu il təvəllüdlü)
2. İkinci pilot Oleq Marşixin (1979-cu il)
3. Şturman İqor Çjen (1966-cı il)
4. Bort mühəndisi Vladimir Şatobin (1969-cu il)
5. Birt radisti Əhmədcan Xacayev (1955-ci il)
6. Bort operatoru Elnur Mahmudov (1981-ci il)
7. Bort operatoru Tapdıq Qəhrəmanov (1964-cü il)
8. Aviatexnik Əfqan Rəhimov (1980-ci il)
9. Aviatexnik Mehman Hüseynov (1962 -ci il)
E. Mahmudov, T.Qəhrəmanov, Ə.Rəhimov, M.Hüseynov və O.Marşixin Azərbaycan vətəndaşları olublar.