...

Dünya Bankı Bakı-Böyük Kəsik dəmiryolunun tikintisinin gedişi ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2011 15:05 (UTC +04:00)
Dünya Bankı (DB) missiyasının rəhbəri Ben Gerikenin başçılıq etdiyi nümayəndə heyəti "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində görüş keçirib.
Dünya Bankı Bakı-Böyük Kəsik dəmiryolunun tikintisinin gedişi ilə tanış olub

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı (DB) missiyasının rəhbəri Ben Gerikenin başçılıq etdiyi nümayəndə heyəti "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində görüş keçirib. Trend-in məlumatına görə, bu barədə QSC-nin şənbə günü rəsmi saytında dərc olunan məlumatında deyilir.

Dünya Bankının missiyası Azərbaycanda sentyabrın 27-dən oktyabrın 1-dək işləyib.

"Bakı-Böyük Kəsik dəmiryolunun yenidən qurulması çərçivəsində Tatlı-Ağstafa sahəsində 8,5 km yol əsaslı təmir olunub", - görüşdə QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində kredit sazişi imzalanıb. Həmin vəsait Bakı-Böyük Kəsik dəmiryolunun 317 kilometrlik hissəsinin təmirinə xərclənəcək.

Görüş zamanı Nəzirov layihə çərçivəsində yeni lokomotivlərin alınması, Bakı-Böyük Kəsik sahəsində dəyişən cərəyanlı dartı sisteminə keçid, Beynəlxalq Maliyyə-Hesablama sistemi əsasında yeni mühasibat sisteminin tətbiqi, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Neft Dağılmalarının Qarşısının alınması Tədbirlərində potensialının yaradılması, 2010-cu il üçün "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi" layihəsinin beynəlxalq auditinin və 2011-ci ilin nəticələri üzrə dəmiryolunun və layihənin beynəlxalq auditinin keçirilməsi və digər sahələr üzrə görülən işlər barədə qonaqlara məlumat verib.

Gerikenin sözlərinə görə, missiya səfər çərçivəsində Böyük Kəsik stansiyasında və Gəncə lokomotiv deposunda olub və vəziyyətlə yerində tanış olublar.

Xəbər lenti

Xəbər lenti