...

"DəmirBank" sindikativ kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 18:49 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" Niderland İnkişaf Maliyyə Şirkətinin (FMO) təşkilatçılığı ilə 25 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb.
"DəmirBank" sindikativ kredit müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycan bankı "DəmirBank" Niderland İnkişaf Maliyyə Şirkətinin (FMO) təşkilatçılığı ilə 25 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb. İmzalanma mərasimi Bakıda Azərbaycan-Avstriya biznes forumunda həyata keçirilib.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, məbləğin 12,5 milyon dolları Niderland İnkişaf Maliyyə Şirkəti (FMO), 7,5 milyon dolları Avstriyanın İnkişaf Bankı (OeEB) və 5 milyon ABŞ dolları digər 3 maliyyə təşkilatı - Avstriyanın "Raiffeisen Bank International AG", Niderlandın "DemirHalk Bank N.V." və İsveçrənin "Atlantic Forfaitierungs AG" tərəfindən ayrılıb.

Bu razılaşma DəmirBank-ın artıq üçüncü sindikativ kreditidir və bankın tarixində ən iri cəlbetmədir. Kredit üzrə vəsait Azərbaycanda mikro, kiçik və orta həcmli sahibkarlığın maliyyələşdirilməsində istifadə ediləcək.

Azərbaycan banklarına ayrılan bu növ kreditlərlə müqayisədə hazırkı vəsaitin mühüm üstünlüyü onun uzunmüddətli olmasıdır. FMO və OeEB tərəfindən maliyyələşdirilən hissələr 5 il müddətinə verilib. Belə ki, bu günədək sindikativ kreditlər əsasən maksimum 3 il müddətinə ayrılıb.

"Cəlb edilən vəsait özəl sahibkarlığın, xüsusilə, kiçik və orta biznes seqmentlərinin daha çox dəstəklənməsini təmin edəcək. Həmçinin, bu razılaşmanın müvəffəqiyyəti DəmirBank-ın beynəlxalq maliyyə bazarlarına çıxışını asanlaşdıracaq və gələcəkdə bir çox beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrin qurulmasına səbəb olacaq", - DəmirBank-ın idarə heyətinin sədri Roman Əmircanov bildirib.

"Biz FMO olaraq, iqtisadi inkişafın əsas şərtlərindən olan sahibkarlığa böyük önəm veririk. DəmirBank qarşısında götürdüyümüz uzunmüddətli öhdəlik Azərbaycanın kiçik və orta həcmli sahibkarlarına, həmçinin mikrobiznes sahiblərinə maliyyə vəsaitlərinə çıxışı mümkün edəcək", - FMO-nun idarə heyətinin sədri Nanno Klayterpin qeyd edib.

"Kiçik və orta həcmli sahibkarlığın dəstəklənməsi Azərbaycanda özəl sektorun inkişafı üçün çox önəmlidir. DəmirBank-a ayrılan kredit iqtisadi artıma öz töhfəsini verərək Azərbaycan və Avstriya şirkətləri arasında yeni əməkdaşlıq imkanları yaradacaq", - OeEB-in idarə heyətinin üzvü Andrea Haqman bildirib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

FMO Niderllandın inkişaf bankıdır. Sahibkarlar üçün maliyyələşmə imkanlarını yaradan FMO inkişaf edən ölkələrdə özəl sektorun artımını dəstəkləyir. İnvestisiya portfeli 5 milyard avro olan FMO özəl sektorun inkişafını təmin edən ən iri banklardan biridir.

Avstriya İnkişaf Bankı (OeEB) 2008-ci ilin mart ayından fəaliyyətə başlayıb. Bank inkişaf edən ölkələrdə davamlı inkişafı təmin edən özəl sektorda layihələri həyata keçirmək üçün uzunmüddətli maliyyələşdirmənin ayrılmasında ixtisaslaşır.

Xəbər lenti

Xəbər lenti