...

Nəqliyyat Nazirliyi TRACECA-nın Azərbaycan hissəsindən yükdaşımaların həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 14:09 (UTC +04:00)
2003-2011-ci illər ərzində (cari ilin doqquz ayında) TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat koridorunun Azərbaycan hissəsindən 415,1 milyon ton yük nəql edilib.
Nəqliyyat Nazirliyi TRACECA-nın Azərbaycan hissəsindən yükdaşımaların həcmini açıqlayıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.İsmayılov/

2003-2011-ci illər ərzində (cari ilin doqquz ayında) TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat koridorunun Azərbaycan hissəsindən 415,1 milyon ton yük nəql edilib. Trend-in məlumatına görə, bu barədə bir gün əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nəqliyyat naziri Ziya Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, koridor çərşivəsində nəql edilən ümumi yükün həcmindən 125,5 milyon ton tranzit yüklərinin payına düşüb.

TRACECA Aİ və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada onun tərədaş ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Təşkilatın Bakıda daimi katibliyi var.

Hazırda TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Nazirin sözlərinə görə, bu dövrdə Azərbaycanın nəqliyyat sektoru ilə 1,4 milyard ton yük və 10,1 milyard sərnişin daşınıb.
Ümumilikdə yanvar-sentyabrda ölkənin nəqliyyat sektoru ilə 152,6 milyon ton yük və 938,6 milyon sərnişin daşınıb.

"Daşınan ümumi yükün 16,4 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 36 min tonu hava, 81,6 milyon tonu avtomobil nəqliyyatı, 45,3 milyon tonu isə boru kəmərləri vasitəsilə nəql edilib", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti