...

Beynəlxalq Sığorta Şirkəti Rusiya sığorta bazarının liderlərindən biri ilə əməkdaşlıq qurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Müştərilərə göstərilən xidmətlər üzrə aparılan işlərin təkmilləşdirilməsi üçün Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyi tərəfindən Rusiyanın "Hərbi Sığorta Şirkəti"nin baş direktorunun müavini, könüllü tibbi sığorta mərkəzinin rəhbəri Andrey Abramov Bakıya dəvət olunmuşdur. "Hərbi Sığorta Şirkəti" uzun illərdir ki, Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan "ABB Moskva" bankı ilə əməkdaşlıq edir və hər iki müəssisənin inkişafı çərçivəsində, bu əməkdaşlığın holdinqə daxil olan digər şirkətlərlə də qurulması qərara alınmışdır.

Ekspert Beynəlxalq Sığorta Şirkətinin xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə Bakıda 4 gün keçirəcəkdir. Həmin müddət ərzində o, Şirkətin iddialar departamentinin işi ilə tanış olaraq, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və biznes proseslərinin optimallaşdırılması istiqamətində tövsiyyələr verəcəkdir.

Rusiya Federasiyası üzrə 840-dan çox filial və şöbəyə malik olan "Hərbi Sığorta Şirkəti" ən böyük ümumrusiya universal sığorta şirkəti olmaqla, öz ölkəsinin lider sığorta şirkətləri arasında ilk beşliyə daxildir. Şirkət hazırda 130 000-dən çox müəssisəyə və 4,5 milyon Rusiya vətəndaşına 100-dən çox sığorta növü üzrə xidmətlər göstərir.

Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov bu barədə məlumat verərkən bildirmişdir: "Hesab edirik ki, sığorta bazarında mövcud rəqabət şəraitində yüksək keyfiyyətli xidmət Şirkətin müsbət nüfuzunun formalşmasının əsas şərtlərindən biridir. Bu səbəbdən də biz qeyd olunan məsələyə xüsusi diqqət yetirməyə çalışırıq və rusiyalı ekspertin cəlb edilməsi keyfiyyətin inkişafı yolunda növbəti addımdır".

Qeyd etmək lazımdır ki, 2002-ci ildə fəaliyyətə başlamış Beynəlxalq Sığorta Şirkəti hazırda Azərbaycanın ilk beş aparıcı şirkətləri sırasına daxildir. Şirkət müştərilərinə 5 icbari və 32 könüllü sığorta növü üzrə xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti