...

Azərbaycanda İİV/QİÇS və əmək sahəsi üzrə milli siyasətin hazırlanması ilə bağlı seminar öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 16:33 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) "İİV/QİÇS və əmək sahəsi haqqında" 200 saylı tövsiyəsinin təşviqi çərçivəsində İİV/QİÇS və əmək sahəsi üzrə milli siyasətin hazırlanmasına həsr olunmuş üçtərəfli seminar öz işinə başlayıb.
Azərbaycanda İİV/QİÇS və əmək sahəsi üzrə milli siyasətin hazırlanması ilə bağlı seminar öz işinə başlayıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Oktyabrın 31-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) "İİV/QİÇS və əmək sahəsi haqqında" 200 saylı tövsiyəsinin təşviqi çərçivəsində İİV/QİÇS və əmək sahəsi üzrə milli siyasətin hazırlanmasına həsr olunmuş üçtərəfli seminar öz işinə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iki gün davam edəcək seminar BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin təşəbbüsü ilə keçirilir.

Ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi BƏT-in İİV/QİÇS və əmək sahəsi haqqında 200 saylı tövsiyəsinin təşviqində fəal iştirakın təmin edilməsidir.

Seminar çərçivəsində əmək sahəsində İİV/QİÇS üzrə qabaqlayıcı tədbirlər üçün qarşılıqlı əlaqə və mexanizmlər, o cümlədən Azərbaycanda iş yerində İİV-in qarşısının alınması üzrə strategiyanın hazırlanması məsələləri müzakirə olunacaq. Həmçinin, ölkəmizdə bu sahədə mövcud vəziyyət, qanunvericilikdə İİV/QİÇS və əmək sahəsi ilə bağlı müddəalar, BƏT-in 200 saylı tövsiyyəsinin prinsiplərinin təşviqi üzrə sosial tərəfdaşların rolu mövzularında çıxışlar dinlənilir. Tədbirin davamı olaraq fərdi görüşlərin keçirilməsi nəzərdə tutulur.

BƏT-in sözügedən tövsiyyəsi 2010-cu ilin iyun ayında keçirilmiş Beynəlxalq Əmək Konfransının 99-cu sessiyasında qəbul edilib və BƏT-ə üzv dövlətləri İİV/QİÇS və əmək sahəsi üzrə milli siyasət və proqramların qəbul edilməsinə çağırır. Sənəddə, həmçinin qeyd olunur ki, milli siyasət və proqramlar işəgötürənləri və işçiləri təmsil edən təşkilatlarla məsləhətləşmələr aparılmaqla müvafiq qurumlar tərəfindən hazırlanmalıdır.

Xəbər lenti

Xəbər lenti