Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi 2014-2015-ci illərə qədər Bakı, Abşeron yarımadasını və ölkənin digər regionlarını əhatə edən nəqliyyatın intellektual idarə edilməsi sistemini tam istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov deyib.
"Nəqliyyatın intellektual idarə edilməsi sistemininin tətbiqi üç mərhələdə planlaşdırılır. İlk mərhələni cari ilin dekabr ayının ortalarında istismara vermək planlaşdırılır, gələn ilin əvvəlindən isə Nəqliyyat Nazirliyi bu layihənin həyata keçirilməsinin ikinci mərhələsi çərçivəsində Abşeron yarımadasını əhatə edəcək araşdırmalara başlamağı planlaşdırır", - Məmmədov bildirib.
Onun sözlərinə görə, gələn ildən ictimai nəqliyyatda vahid ödəniş xidməti sisteminin tətbiqi də mümkündür. Bununla bağlı nazirlik onun nəqliyyatın intellektual idarə edilməsi sisteminə inteqrasiyası üzrə xüsusi proqram hazırlayıb.
İntellektual sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydanın yaradılması planlaşdırılır. Bu işlər yol polisi və intellektual sistemin yaradılması prosesində iştirak edən koreyalı mütəxəssislərlə birgə aparılır.
İntellektual sistem elektron tipli 150-yə yaxın yeni işıqforun quraşdırılmasını nəzərdə tutur.
Nəqliyyatın intellektual idarə edilməsi sistemi layihəsinin dəyəri 100 milyon dollar civarında qiymətləndirilir.
"Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzi" QSC Azərbaycan Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib.