Azərbaycan, Bakı, 14 noyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı növbəti dəfə istehlak bazarında yararsız mallar aşkar edilib. Trend-in məlumatına görəö, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda deyilir.
Bakının Sabunçu və Suraxanı rayonlarında, Gəncə şəhərində, eləcə də Qusar rayonunda aparılan yoxlamalar zamanı ümumi çəkisi 150 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.