Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.Xəlilova/
Bazar ertəsindən etibarən "Zaminbank" ASC-nin ümumi məbləği 1 459 800 150 manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanacaq. Trend-in məlumata görə, bu barədə Bakı Fond Birjasının bazar ertəsi (BFB) yaydığı məlumatda deyilir.
Emissiyalar çərçivəsində hər birinin nominal dəyəri 200 manat olmaqla 7 299 min səhm buraxılıb. "Bank BFB-yə "Zaminbank"ın səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - məlumatda deyilir.
Emissiya prospektinə əsasən, yerləşdirmə BFB-də kütləvi təklif üsulu ilə aparılacaq. Anderrayter "Texnika Capital Management" MMC-dir.
Bazar ertəsi bankdan verilən məlumata görə, hazırda - emissiyanın yerləşdirilməsinə qədər bankın nizamnamə kapitalı 20,722 milyon manat təşkil edir. Bankın məcmu kapitalı 25 milyon manatdır.
"Zaminbank" fəaliyyətə 1992-ci il noyabrın 16-da başlayıb. Bankın səhmdarları üç fiziki şəxsdir.
"Zaminbank" Azərbaycanda "Caspian Money Transfer" beynəlxalq pul köçürmələri sisteminin ilk yaradıcısıdır. Bank Azərbaycan Beynəlxalq Bankı (Azərbaycan bankları arasında xaricdə ən geniş şəbəkəyə malik bank) və Qafqaz İnkişaf Bankından sonra ölkənin hüdudlarından kənarda təmsil olunan üçüncü bankdır. "Zaminbank"ın ilk daimi nümayəndəliyi 2007-ci ildə Moskvada yaradılıb. Bankın gələcək planlarına fəaliyyət coğrafiyasını MDB ölkələrində genişləndirmək (Ukrayna və Gürcüstanda nümayəndəlik açmaq planlaşdırılır) və Türkiyədə nümayəndəliyin açılması daxildir.
Noyabrın 21-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.