...

Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə davam edəcək - iqtisadi inkişaf naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir A.Axundov/

2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün də uğurlu olacağı və əvvəlki illərdə müşahidə edilən müsbət tendensiyanın davam edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı iqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdə 2012-ci il və növbəti üç il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Avrozona ölkələrinin üzləşdiyi maliyyə və iqtisadi problemlər, ABŞ-da böhrandan öncəki iqtisadi aktivliyin hələ də bərpa edilməməsi, eləcə də maliyyə bazarlarında mənfi dinamika dünya iqtisadiyyatında ikinci böhran dalğasının başlama ehtimalını artırır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı əlverişsiz xarici iqtisadi mühit şəraitində inkişaf etməkdə davam edəcək", - Mustafayev bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə ölkədə iqtisadi artım 5,7 faiz təşkil edəcək. 2015-ci ildə orta illik iqtisadi artımın 6,3 faiz olacağı gözlənilir.

"Adambaşına düşən ümumi daxili məhsul 2015-ci ildə 2012-ci ildəki 4744 manatdan 5963 manata qədər artacaq və Azərbaycanın yüksək orta gəlirli ölkələr arasındakı mövqeyi möhkəmlənəcək", - Mustafayev qeyd edib.

Nazirin sözlərinə görə, manatın dollara qarşı məzənnəsi 2012-ci ildə 0,79 manat səviyyəsində müəyyənləşdirilib, inflyasiya tempi isə 6 faiz səviyyəsində proqnozlaşdırılıb.

"Büdcə kəsirinin ÜDM-ə nisbəti 1,3 faiz səviyyəsində proqnozlaşdırılıb, xarici borcun yuxarı həddi 2 milyard manat səviyyəsində müəyyənləşdirilib" , - Mustafayev deyib.

Onun sözlərinə görə, makroiqtisadi göstəricilər üzrə proqnozların və dövlət büdcəsinin hazırlanması zamanı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları öyrənilib, 2012-ci ildə bir barel neftin qiyməti 80 dollar səviyyəsində, növbəti üç il üzrə isə 75 dollar səviyyəsində müəyyənləşdirilib.

Noyabrın 22-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti