...

Bakıda Niderland və Azərbaycan müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2011 20:57 (UTC +04:00)
"Gələcəyə dair holland layihələri" mövzusunda on günlük memarlıq və inşaat sərgisi Niderland Memarlıq İnstitutunun rektoru cənab Ole Bouman tərəfindən həyata keçirilən təcrübi seminarla başa çatıb.
Bakıda Niderland və Azərbaycan müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu gün Dəniz Vağzalı binasında Bakıdakı Niderland səfirliyi tərəfindən təşkil edilən "Gələcəyə dair holland layihələri" mövzusunda on günlük memarlıq və inşaat sərgisi Niderland Memarlıq İnstitutunun rektoru cənab Ole Bouman tərəfindən həyata keçirilən təcrübi seminarla başa çatıb.

Trend-in məlumatına görə, Memarlıq və İnşaat Universiteti və İncəsənət Akademiyasını təmsil edən 30-yə yaxın azərbaycanlı tələbə bu tədbirdə iştirak edib. Öz çıxışında Bouman memarlığın müasir cəmiyyətdə gələcəyin iqtisadi, ekoloji, sosial və mədəni problemləri üçün həll variantları yaratmaqla oynadığı mühüm rolu izah edib. Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Uyterlinde öz nitqində qeyd edib ki, holland memarları və inşaat şirkətləri dünyanın ən sıx məskunlaşdırılmış ölkələrindən biri olan Niderlandın delta ərazilərində topladıqları təcrübə əsasında innovativ infrastruktur qurğuları layihələndirdiklərinə və inşa etdiklərinə görə dünya miqyasında nüfuz qazanmaları ilə fəxr edirlər.

Bouman mədəniyyət və turizm nazirinin mədəniyyət məsələləri üzrə müavini Sevda Məmmədəliyeva və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova ilə görüşüb. Görüş zamanı müvafiq holland və Azərbaycan müəssisələri arasında əməkdaşlıq üçün imkanların araşdırılması məqsədilə danışıqlar aparılıb. Bakıda qaldığı müddət ərzində Bouman qeyri-neft sektorunda iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri olan inşaat sektoruna malik Azərbaycanda baş verən yeniliklərlə tanış olub. "Van Oord", "Royal Haskoning", "Deltares" və "Witteveenbos" kimi holland şirkətləri artıq Azərbaycanda liman təkmilləşdirməsi, su ehtiyatlarının idarə olunması və gəmiçilik sektoru kimi sahələrdə azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq edirlər.

Xəbər lenti

Xəbər lenti