...

Bakı Beynəlxalq Hava Limanının modernləşdirilməsi yazda başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 17:59 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yenidən qurulması, modernləşdirilməsi və xarici görkəminin yenilənməsi üzrə işləri Azərbaycanda "Eurovision 2012" mahnı müsabiqəsinin başlamasına qədər başa çatdıracaq
Bakı Beynəlxalq Hava Limanının modernləşdirilməsi yazda başa çatacaq

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yenidən qurulması, modernləşdirilməsi və xarici görkəminin yenilənməsi üzrə işləri Azərbaycanda "Eurovision 2012" mahnı müsabiqəsinin başlamasına qədər başa çatdıracaq. Bu barədə cümə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Müsabiqənin yarımfinal turları mayın 22-si və 24-də, final mərhələsi isə mayın 26-da Bakıda baş tutacaq.

Onun sözlərinə görə, hava limanının modernləşdirilməsi və yenidən qurulması sürətli templə aparılır ki, maya qədər nəzərdə tutulmuş işlər başa çatdırılsın.

"Azərbaycanda mahnı müsabiqəsinin başlamasına qədər hava limanı qonaqları yenilənmiş görkəmdə qarşılayacaq", - Səfərli bildirib.

QSC sədrinin müavini Sabir İlyasovun əvvəl dediyinə görə, müvafiq işlərin aparılması üçün QSC tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Plan paytaxtda mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə çoxminlik qonaqların yüksək səviyyədə qəbulunu təmin etməyi nəzərdə tutur.

"Azərbaycan Hava Yolları" şirkətinin əsas aeroportu olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakıdan 20 kilometr şimal-şərqdə yerləşir.

"Azərbaycan Hava Yolları" Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.

Aviaşirkət Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvüdür.

Xəbər lenti

Xəbər lenti