Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.İsmayılov/
2012-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) büdcəsinin orta templə artacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov deyib.
"Biz bir gün əvvəl 2012-ci il üçün AİF-in büdcəsini müzakirə etdik, lakin hələlik istiqrazların yeni buraxılışının həcmi barədə yekun qərar qəbul edilməyib. Güman edirəm ki, biz bunu orta templə edəcəyik ki, bu da makroiqtisadi şəraitlə bağlıdır", - Rüstəmov bildirib.
Onun sözlərinə görə, AİF-in kapital ehtiyatları var, lakin gələcəkdə onun portfeli əlavə ipoteka istiqrazlarının yerləşdirilməsi hesabına artacaq. Bu da ipoteka formasında özünün yenidən əmələ gələcək kapital bazasını yaradır.
"Ancaq biz ölkədə ipoteka kreditləşməsinə vəsaitlərin cəlb edilməsi üçün digər yollar da axtarırıq", - Rüstəmov vurğulayıb.
Yanvar-sentyabrda (AİF) xətti ilə 85,88 milyon manat məbləğində ipoteka krediti verilib. Noyabrda 11,48 milyon manat kredit verilib.
AİF xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2011-ci il dekabrın 1-dək 335,78 milyon manat məbləğində ipoteka krediti verilib.
11 ay ərzində bundan əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 67,87 milyon manat təşkil edib. İlin əvvəlindən 2011-ci il dövlət büdcəsində sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutulan 20 milyon manatdan 17,89 milyon manatı artıq ayrılıb.
Adi ipoteka ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına maliyyələşdirilir. Yanvar-noyabr aylarında AİF 74 milyon manat məbləğində istiqraz yerləşdirib.
Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərin (borcalanların 41 faizi 18-29 yaşda, 31 faizi isə 30-35 yaşda olub) 72 faizi düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.
Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.
Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.
Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər. Hazırda İpoteka Fondunun 26 müvəkkil bankı var.
Dekabrın 7-nə olan rəsmi məzənnə 0, 7864 AZN/USD təşkil edir.