Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir A.Axundov/
Azərbaycanda İcbari Sığorta Bürosu yaradılıb və fəaliyyətə başlamağa hazırdır. Bu barədə çərşənbə günü Trend-ə büronun təsisçilərindən biri olan "Ata Sığorta" şirkətinin idarə heyətinin sədr müavini İsrail Qarayev deyib.
Büro "İcbari sığortalar haqqında" yeni qanunun tələblərinə uyğun yaradılıb. Yeni qanun layihəsi icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir. Ümumilikdə, ölkədə icbari sığortanın 9 növü fəaliyyət göstərir.
"6 şirkət büronun təsisçiləridir. Bunlar "Paşa Sığorta", "Atəşgah Sığorta", "Ata Sığorta", AXA MBASK, "Xalq Sığorta" və "Standard Insurance" şirkətləridir", - Qarayev deyib.
"Bu sığorta növləri üzrə məşğul olmağa icazə almaq üçün ödəniş həcmləri müəyyənləşdirilib. Bu, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbarı sığortası üçün 200 min manat, sərnişinlərin sığortalanması üçün 200 min manat, daşınmaz əmlakın sığortalanması üçün 100 min manat və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanması üçün 100 min manat səviyyəsində müəyyənləşdirilib" , - Qarayev bildirib.
Onun sözlərinə görə, iştirak, icazə almaq üçün ödənişlərdən başqa, hər sövdələşmədən 5 faiz həcmində ödənişlər, fəaliyyət zamanı əlavə xərclər də olacaq.
Onun sözlərinə görə, büronun məqsədi şirkətlərə "İcbari sığortalar haqqında" qanunun icra edilməsində kömək etməkdir.
Qarayev deyib ki, artıq büronun saytı (www.isb.az) da fəaliyyət göstərir.
Dekabrın 14-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.