Azərbaycan, Bakı, 20 dekabr /Trend/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Paşa Bank"ın dəstəyi ilə "İnvestisiya fondları - alternativ sərmayə vasitəsi" mövzusunda jurnalistlər üçün təşkil edilmiş ən yaxşı məqalə və ya teleradio süjeti müsabiqəsinin yekunları ilə bağlı mükafatlandırma tədbiri keçirilib.
Komitədən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən QKDK sədri Rüfət Aslanlı qiymətli kağızlar bazarının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair yığıncaq iştirakçılarına məlumat verərək, bu istiqamətlərdən birinin məhz məlumatlandırma və maarifləndirmə tədbirlərinin gücləndirilməsindən ibarət olduğunu qeyd edib.
O, öz çıxışında Azərbaycanın müstəqilliyinin 20-ci il dönümündə ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının təməlinin qoyulduğunu, bununla da Azərbaycanda qiymətli kağızlar bazarının inkişafında yeni mərhələnin başlandığını və müstəqilliyin bərpasının üçüncü 10 illiyinə ölkənin qiymətli kağızlar bazarının yeni hədəf və vəzifələrlə qədəm qoyduğunu bildirib.
QKDK tərəfindən hazırlanmış "Müstəqil Azərbaycan 20 ildə - qiymətli kağızlar bazarının təşəkkülü və inkişafı" filmi tədbir iştirakçılarına nümayiş olunub. Sonra münsiflər heyətinin üzvü Milli Depozit Mərkəzinin İdarə heyətinin sədri Fariz Əzizov müsabiqənin məqsədini açıqlayaraq, iştirakçıların qarşısına qoyulan tələblər, məqalələrin mövzuları, qiymətləndirmə meyarları haqqında tədbirin iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin yekununda müsabiqədə iştirak etmiş jurnalistlərə diplomlar, müsabiqənin qaliblərinə isə və pul mükafatları təqdim edilib.