Azərbaycan, Bakı, 26 dekabr /Trend/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə daha bir qrup vətəndaş qəbul edilərək, onların Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də nazirliyə ünvanladıqları şikayət ərizələri araşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin obyektiv tərzdə araşdırılması zamanı bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız olaraq şikayət ərizələri yazdıqları, bununla yanaşı bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib.
Hər bir vətəndaş müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə nazirliyin aidiyyatı qurumlarına tapşırıq verib.
Vətəndaşların müraciətlərinin araşdırılması zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib ki, belə ailələrin aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi, o cümlədən onların əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına və ya peşə-əmək qabiliyyətinin artırılmasına kömək göstərilməsi, birdəfəlik ünvanlı sosial yardım - Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb.
Cari ilin ötən dövründə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin məsul şəxsləri Oğuz, Şirvan, Göyçay, Şəki, Bakı, Ağcabədi, Yevlax, Masallı, Şabran, Gəncə, Samux şəhər və rayonlarında olaraq, Naxçıvan MR istisna olmaqla, ölkənin bütün bölgələri üzrə ümumilikdə 300 nəfərdən artıq vətəndaşı qəbul edib və müraciətlərini araşdırıblar.
Nazir tərəfindən vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri bundan sonra da davam etdiriləcək.