Azərbaycan, Bakı, 29 dekabr / Trend, müxbir A.Axundov /
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti bir müddət əvvəl yaradılan "Royal Sığorta" ASC sığorta şirkətinə sığorta fəaliyyəti üçün lisenziya verib. Trend-in məlumatına görə, bu barədə Dövlət Xidmətinin cümə axşamı yaydığı məlumatda deyilir.
Lisenziya dekabrın 28-də beş il müddətinə verilib.
Dekabrda şirkətin rəhbər tərkibi formalaşıb. Maliyyə Nazirliyi müvafiq test imtahanlarının uğurla verən sığorta şirkətlərində rəhbər vəzifələrə namizədlərin siyahısını açıqlayıb. Onların arasında Royal Sığorta şirkətinin idarə heyətinin sədri Nüsrət Babayev, idarə heyətinin üzvü Elmar Hacıyev, Təftiş komissiyasının sədri Rəşid Hüseynov, Təftiş komissiyasının üzvü Rasim Qəmbərov, aktuari Mirvari Həsrətova da var.
Bir qədər əvvəl Dövlət Sığorta Nəzarəti Xidməti rəhbərinin müavini Mahir Abdullayevin Trend-ə dediyi kimi, "Royal Siğorta" sığortanın həyat sığortası ilə bağlı olmayan növləri üzrə ixtisaslaşacaq.
Şirkət 2011-ci il oktyabrın 11-də qeydiyyata alınıb. Onun qanuni nümayəndəsi kimi Nüsrət Babayev çıxış edir. ASC-nin Müşahidə Şurası üç nəfərdən - Şahbaz Şahbazov, Famil Teymurov və Fərman Hüseynlidən ibarət tərkibdə formalaşıb.
Sığorta şirkətinin təsisçiləri beş fiziki şəxsdir.
Bu gün Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Bununla yanaşı bir şirkətin - Fidan Sığorta-nın sığorta fəaliyyəti göstərmək üzrə lisenziyası müvəqqəti dayandırılıb. Azərbycanda həmçinin həyat sığortası üzrə üç şirkət - Atəşgah Həyat, Qala Həyat və Paşa Həyat fəaliyyət göstərir.