...

Azərbaycan Mərkəzi Bankı 2012-ci ildə likvidlik üzrə yeni normativlərin qəbulunu istisna etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2011 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend müxbir N.İsmayılova/

2012-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sabitliyi siyasəti banklarda sağlamlaşdırma tədbirlərinin davam etdirilməsinə və risklərin preventiv qaydada tənzimlənməsinə yönəldiləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin açıqladığı 2012-ci il üçün pul-maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərində deyilir.

"Bu məqsədlə, prudensial nəzarətin post-krizis dövrünün tələblərinə və ən son qlobal çağırışlara uyğunlaşdırılması təmin olunacaq. AMB risklərə davamlılığının artırılması üçün nəzarət mexanizmləri vasitəsilə bankların mövcud makroiqtisadi vəziyyətə adekvat davranışını və maliyyə ehtiyatlanması səviyyəsinin yüksəldilməsini təşviq edəcək" , - AMB-nin bəyanatında deyilir.

Bu kontekstdə, banklarda, xüsusilə sistem əhəmiyyətli banklarda aktivlərin keyfiyyəti ilə bağlı risk mövqeləri, likvidlik və sağlamlaşdırma tədbirləri diqqət mərkəzində saxlanılacaq. Kapital adekvatlığının "sağlam" zonada saxlanılması və "leverec" (bankın I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbətinin göstəricisidir) əmsalının səviyyəsinin gözlənilməsi təmin ediləcək.

AMB maliyyə sabitliyi üzrə əsas hədəflərə nail olunması və Bazel-III standartları ilə harmonizasiya məqsədilə prudensial nəzarət çərçivəsini təkmilləşdirəcək. AMB bank kapitalının kəmiyyət və keyfiyyətinin artırılması çərçivəsində kapitalın "konservativ buferi"nin tətbiq edilməsi və kapitalın sabit mənbələrinin rolunun yüksəldilməsi istiqamətində tədbirlər görəcək. Qısamüddətli likvidlik mövqeyinin daha təkmil idarə olunması üçün Bazel-III standartlarının təklif etdiyi yeni likvidlik normativinin tətbiqi də istisna edilmir. Eyni zamanda maliyyə itkilərinin tanınması üzrə Maliyyə Hesabatlığının Beynəlxalq Standartları ilə yaxınlaşmaya nail olunması (qlobal səviyyədə əldə olunacaq konsensus çərçivəsində) diqqətdə saxlanılacaq.

Xəbər lenti

Xəbər lenti