Azərbaycan, Bakı, 6 yanvar /Trend müxbir E.İsmayılov/
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqaməti üzrə dəmir yolu mənzilinin yenilənməsi çərçivəsində Biləcəri-Heybət mənzilinin 528-518-ci kilometr hissəsində əsaslı təmiri yanvarın sonuna qədər başa çatdıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü QSC-nin yaydığı məlumatda deyilir.
Ümumilikdə ayın sonuna qədər bu hissənin 11 kilometri əsaslı təmir ediləcək.
Bakı-Böyük Kəsik yolunun 317 kilometrinin əsaslı təmiri Çexiya bankı "Exim Bank"ın ayırdığı 215 milyon avro həcmində kredit hesabına həyata keçirilir.
"İşlər 2011-ci il iyunun 10-da Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrindən start götürüb. İndiyə qədər 40 kilometrdən çox yol əsaslı təmir edilib", - məlumatda deyilir.
Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC-nin "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.