...

AZPROMO-nun xarici ölkələrdəki nümayəndəliklərinin sayı 2-yə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2012 17:21 (UTC +04:00)
Ötən il AZPROMO-nun Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti genişləndirilib və Avstriyada yeni nümayəndəliyi fəaliyyətə başlayıb ki, bununla da qurumun xarici ölkələrdəki nümayəndəliklərinin sayı 2-yə çatıb.
AZPROMO-nun xarici ölkələrdəki nümayəndəliklərinin sayı 2-yə çatıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Ötən il AZPROMO-nun Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti genişləndirilib və Avstriyada yeni nümayəndəliyi fəaliyyətə başlayıb ki, bununla da qurumun xarici ölkələrdəki nümayəndəliklərinin sayı 2-yə çatıb. Bu barədə çərşənbə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

"2011-ci il digər sahələrdə olduğu kimi Azərbaycanın iqtisadi potensialının və ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin təbliği, yerli sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi baxımından da uğurlu olub", - məlumatda deyilir.

Ötən il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə ölkəmizdə və xaricdə 4200-ə yaxın iş adamının iştirakı ilə 190 tədbir keçirilib. Azərbaycanda keçirilmiş 91 tədbirdən 29-u biznes forum, ikitərəfli işgüzar görüş, 55-i xarici şirkət və təşkilatlarla görüş, 6-sı xarici media şirkətləri ilə görüş və Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş milli sərgidir. Xarici ölkələrdə keçirilmiş 99 tədbirdən 7-si beynəlxalq sərgi, 28-i biznes forum və seminar, 64-ü ikitərəfli görüşdür.

2011-ci ildə AZPROMO Latviyanın Sahibkarlıq və İnkişaf Agentliyi, Fransanın Şirkətlər Hərəkatı (MEDEF), Sloveniyanın Sahibkarlıq və Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi, Yunanıstanın Xarici Ticarət Şurası, İordaniya Haşimilər Krallığının Sənaye Palatası, Stavropol Ticarət Sənaye Palatası ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalayıb. Bu sənədlər Azərbaycanın biznes və investisiya imkanlarının təşviqi, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və məlumat mübadiləsi baxımından əhəmiyyətlidir.

İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) Direktorlar Şurasına üzv olan AZPROMO 2011-ci ildə bu təşkilat tərəfindən keçirilmiş beynəlxalq tədbirlərdə iştirak edib.

Eyni zamanda, 2011-ci il ölkəmizdə istehsal edilən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının tanıdılması və ölkəmizin ixrac qabiliyyətinin artırılması baxımdan əhəmiyyətli olub. Belə ki, ötən il AZPROMO ABŞ-da "West Coast Connection" idxal-ixrac şirkətinin yaradılmasına dəstək göstərib ki, bu şirkət hazırda Los Anceles ştatında fəaliyyət göstərən bir sıra prestijli mağazalarda "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışını həyata keçirir.

AZPROMO tərəfindən ötən il Azərbaycanın investisiya mühiti, biznes imkanları, ölkədə biznes qurmaq üçün mövcud qanunvericilik bazası, ölkəmizin əsas makroiqtisadi göstəriciləri və investisiya layihələri ilə bağlı 5 kitabça çap olunub və müxtəlif tədbirlərdə paylanıb. Ümumilikdə, ötən il yerli və xarici iş adamlarına 4500-ə yaxın təşviqat materialları təqdim edilib. 2011-ci ildə, həmçinin, 200-ə yaxın şirkətin istehsal etdiyi məhsullardan ibarət Azərbaycan məhsullarının, 100-ə yaxın şirkətin istehsal etdiyi sənaye məhsullarının və MDB-nin 20 illiyinə həsr olunmuş sərgi üçün hazırlanmış 140-a yaxın şirkətin istehsal etdiyi məhsullar barədə 3 kataloq hazırlanıb. Hər üç kataloqun elektron versiyası İqtisadi İnkişaf Nazirliyinin və AZPROMO-nun internet səhifələrində yerləşdirilib və müxtəlif tədbirlərdə iş adamlarına paylanıb.

2011-ci ildə AZPROMO tərəfindən xarici investorların və yerli iş adamlarının müxtəlif mövzularda - ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, investisiya fəaliyyəti, idxal-ixrac əməliyyatları, yeni bazarların tapılması və s. sahələrdə sualları cavablandırılıb, müvafiq tövsiyə və məsləhətlər verilib.

Xəbər lenti

Xəbər lenti