Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir A.Tağıyeva/
2011-ci ildə Türkiyədən toyuq yumurtasının ixracı inişillə müqayisədə 83 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Statistika İnstitutunun çərşənbə günü dərc olunmuş hesabatında deyilir.
2011-ci ildə ölkənin toyuq yumurtası ixracından gəliri 2010-cu ildəki 156 milyon dollara qarşı 285,673 milyon dollar təşkil edib.
Göstərilən dövrdə ixrac əsasən 17 ölkə və iki azad iqtisadi zona ilə həyata keçirilib. Türkiyədən toyuq yumurtasının əsas ixracatçılarından İraq 212 milyon, İran 42,9 milyon və Azərbaycan 11,5 milyon dollarlıq məhsul idxal edib. Azərbaycan inişil 8,5 milyon dollarlıq məhsul idxal edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayı ərzində ölkədə 916,5 milyon ədəd toyuq yumurtası istehsal edilib. Bu da inişilki analoji dövrlə müqayisədə 15,3 faiz azdır.
Bu ildən Azərbaycan qonşu ölkələrdən damazlıq yumurta ixracına başlamağı planlaşdırır.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin əvvəllər dediyinə görə, 2009-cu ilin statistikası göstərir ki, ölkədə 60 milyon damazlıq yumurtaya tələbat var. Tələbatın 40-45 faizi yerli istehsal hesabına ödənilir, qalan hissə isə ixrac edilir.
Bununla əlaqədar SKMF quşçuluq təsərrüfatlarının yaradılması üzrə layihələri maliyyələşdirir.