Azırbaycan, Bakı, 11 yanvar /Trend/
20 Yanvar faciəsinin 22-ci ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-də tədbirlər planı hazırlanıb.
QSC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirlər planına əsasən 20 yanvar 2012-ci ildə saat 06:00-dan 23:00-dək Abşeron şəhərətrafı zonada hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
20 yanvar tarixində saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.
Bundan başqa, QSC-nin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, "Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edəcək.