Azərbaycan, Bakı, 29 yanvar / Trend /
Bir neçə ildir ki, Azərbaycanda güclü iqtisadi inkişaf gedir. Bu inkişaf əsasən Azərbaycanda enerji istehsalının xeyli dərəcədə genişlənməsi hesabına baş verir. Lakin eyni zamanda, ölkəmizin siyasəti iqtisadiyyatı şaxələndirməkdən ibarətdir. Bu baxımdan növbəti 10 ildə ümumi daxili məhsulun 2 dəfə artırılmasını qarşımıza məqsəd qoymuşuq. Trend-in məlumatına görə, bu sözləri Davosda Azərbaycana həsr olunan interaktiv sessiyada çıxışı zamanı Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib
Samir Şərifov bununla bağlı müxtəlif sahələrdə aparılan işlərdən danışdı. Nazir dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişafa nail olunduğunu və maliyyə sabitliyinin təmin edildiyini bildirdi.
Maliyyə naziri milli valyutanın məzənnəsinin sabit olaraq qaldığını, maliyyə, bank və vergi sisteminin dayanıqlılığının təmin olunduğunu və bu sahədə inkişafın davam etdiyini dedi.
Samir Şərifov Azərbaycanın maliyyə-bank sistemində əldə olunmuş uğurların beynəlxalq kredit agentlikləri tərəfindən müsbət qiymətləndirildiyini bildirdi. Qeyd etdi ki, dünyada maliyyə böhranının davam etdiyi indiki zamanda əksər ölkələrin kredit reytinqləri aşağı salındığı bir məqamda, Azərbaycanın kredit reytinqi daha da artırılıb.