...

Qaradağ rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 16:30 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Qaradağ rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Qaradağ rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Qaradağ rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

SKMF yanvarın 31-də Qaradağ rayonunun Ələt qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qaradağ rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir tələblərə cavab verən maşınqayırma və yüngül sənaye müəssisələrinin yaradılması;

- illik emal gücü 5000 ton olan müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması;

- kiçik və ya böyük həcmli müasir istixana kompleksinin yaradılması;

- milli, mənəvi və mədəni dəyərləri özündə əks etdirən suvenir istehsalının təşkil edilməsi.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti