Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/
2011-ci ilin yekunları üzrə Azərbaycanda ünvanlı sosial yardım (ÜSY) alanların sayı 120 478 ailəyə və ya 541 989 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.
Ötən il hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edib. ÜSY alanların ümumi sayından 40,8 faiz (49 189 ailə) üç və daha çox uşaqlı ailələrdir.
"Ailələrin 97,9 faizi ünvanlı sosial yardımı plastik kartlar vasitəsilə alır", - nazir deyib.
2011-ci ildə Əmək Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 29 299 nəfəri işlə təmin edib. Müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilənlərin sayı ötən il 4 299 nəfər təşkil edib, 1 568 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Azərbaycan 2006-cı ildən ÜSY sisteminə keçib. ÜSY-nin həcmi "ehtiyac meyarı" və ailənin bir üzvünə düşən gəlirin həcmi arasındakı fərqdən çıxış edilərək müəyyənləşdirilir. 2011-ci ildən Azərbaycanda ehtiyac meyarı 15,4 faiz artırılaraq 75 manata çatdırılıb. 2012-ci ildən isə bu göstərici 84 manat təşkil edir.
Fevralın 10-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.