Azərbaycan, Şamaxı, 15 fevral /Trend müxbir A.Axundov/
BMT Azərbaycanda korrupsiya ilə mübarizə üzrə beynəlxalq mərkəzin yaradılmasını təklif edir. Trend-in məlumatına görə, bunu Şamaxı şəhərində "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura bildirib.
"Bu sahədə Azərbaycanda beynəlxalq mərkəzin yaradılması məqsədəuyğun olardı. Mərkəzə qabaqcıl mütəxəssislər cəlb ediləcək", - Akçura deyib.
Onun sözlərinə görə, BMT bu işdə iştirak etməyə və zəruri dəstək verməyə hazırdır.
Azərbaycan vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir və belə təşəbbüsdə iştirak etməyə hazırdır.
Konfransın işində Bakıda səfərdə olan BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Ofisinin, Avstriya hökumətinin, Dələduzluqla mübarizə üzrə Avropa Ofisinin və digər maraqlı tərəflərin təşəbbüsü ilə yaradılan Beynəlxalq Antikorrupsiya Akademiyasının (BAKA) nümayəndə heyəti də iştirak edir.