...

Yeni dəmir yolu Azərbaycan, Türkiyə və Gürcüstanın dostluq münasibətlərinin rəmzidir - Prezident

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 19:34 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirlərinin işgüzar ünsiyyət formatını alqışlayıb.
Yeni dəmir yolu Azərbaycan, Türkiyə və Gürcüstanın dostluq münasibətlərinin rəmzidir - Prezident

Gürcüstan, Tbilisi, 16 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirlərinin işgüzar ünsiyyət formatını alqışlayıb.

Gürcüstan Prezidenti Administrasiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, bunu Saakaşvili Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşündə bildirib.

Onları Gürcüstanın iqtisadiyyat naziri Vera Kobaliya müşayiət edib.

Gürcüstan Prezidenti üç ölkə tərəfindən həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətini qeyd edib. Həmin layihələr üç ölkə xalqlarının vəziyyətinin yaxşılaşmasına xidmət edir. O, nazirlər arasında mövcud olan etibar amilini xüsusi vurğulayıb ki, bu da keyfiyyətli əməkdaşlıq üçün yaxşı zəmindir.

Saakaşvili Bakı-Tbilisi-Qars yeni dəmir yolunu üç ölkənin münasibətlərinin "rəmzi" adlandırıb. Yeni dəmir yolu gələn il istismara veriləcək və Gürcüstan və Azərbaycan üçün Avropaya qapıları açacaq.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, yeni dəmir yolu hər üç ölkəyə yeni inkişaf potensialı təqdim edəcək. "Bu, yeni mərhələyə yüksələn əməkdaşlığımızın nümunəsidir" , - o deyib və əlavə edib ki, Azərbaycanın və ölkə Prezidenti İlham Əliyevin siyasəti Gürcüstan və Türkiyə ilə münasibətlərin prioritet inkişafıdır.

Türkiyəli nazir türk dənizçilərin Somali əsirliyindən azad edilməsindəki əməyinə görə Gürcüstan Prezidentinə minnətdarlığını ifadə edib.

O, həmçinin əmin olduğunu bildirib ki, Gürcüstanda biznes inkişaf edəcək, çünki bir çox türkiyəli biznesmenlər bəyan edirlər ki, Gürcüstanda biznesin aparılması ilə bağlı məsələlər çox asan həll edilir.

Bu gün Tbilisidə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

Xəbər lenti

Xəbər lenti