...

Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir N.İsmayılova/

Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin gələcək inkişafı üçün böyük potensial mövcuddur. Trend-in məlumatına görə, bu barədə dünən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda çıxışında bildirib.

"Biznes forumu çərçivəsində müzakirə olunan məsələlər və keçirilən ikitərəfli görüşlər üç dost ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək, habelə iş adamları arasında işgüzar münasibətlərin genişləndirilməsi üçün şərait yaradacaq", - Mustafayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında möhkəm qanunvericilik bazası yaranıb. Ölkələr arasında münasibətlərin inkişafında hökumətlərarası komissiyalar mühüm rol oynayır.

"Son beş il ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına 800 milyon dollardan artıq sərmayə qoyub. ARDNŞ-nin törəmə şirkəti "Socar Georgia Petroleum" 2010-cu və 2011-ci illərdə Gürcüstanda ən iri vergiödəyici olub. Eləcə də 2011-ci ildə bu ölkəyə 32 milyon dollar sərmayə qoyaraq ən iri sərmayəçi olub", - Mustafayev deyib.

Nazirin sözlərinə görə, ARDNŞ bütünlükdə Gürcüstan iqtisadiyyatına 700 milyon dollar sərmayə qoyub. Gürcüstanda çalışan Azərbaycan şirkətləri yeddi min iş yerinin yaradılmasına kömək ediblər. Azərbaycanda 106 gürcü, Gürcüstanda isə 272 Azərbaycan şirkəti açılıb. 2011-ci ildə Azərbaycanla Gürcüstan arasında mal dövriyyəsi 36 faiz artıb.

"ARDNŞ və digər Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına 4,5 milyard dollar həcmində yatırım ediblər. 2011-ci ildə Azərbaycanla Türkiyə arasında mal dövriyyəsi 87 faiz artıb", - nazir deyib.

Mustafayevin sözlərinə görə, Azərbaycanda 967 türk, Türkiyədə isə 844 Azərbaycan şirkəti qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti